Gmail-də HTML rejimin fəaliyyəti dayandırılacaq
Google şirkəti Gmail-də olacaq dəyişiklik barəsində istifadəçiləri məlumatlandırmağa başlayıb. Belə ki, bu ilin sonuna kimi Gmail-in HTML rejiminin fəaliyyəti dayandırılacaq. Elektron poçt servisinin HTML versiyası 2024-cü ilin yanvar ayına kimi çalışacaq. Qeyd etmək lazımdır ki, Gmail-in HTML versiyası brauzerlərin köhnə versiyalarında və keyfiyyətli internet bağlantısının olmadığı hallarda istifadə edilir. Gmail-in HTML versiyası adi versiyanın sahib olduğu bəzi funksiyalardan məhrumdur. Söhbət, çat, orfoqrafiya yoxlanışı, sürətli düymələr, kontaktların əlavə edilməsi və importu və formatlama funksiyalarından gedir.

Süni zəka əsaslı ChatGPT çat-botunun yaradıcısı olan OpenAI şirkəti hal-hazırda səhmlərinin satışı ilə bağlı danışıqlar aparır. Məlumata əsasən bu öz növbəsində şirkətin bazar dəyərini 90 milyard dollara yüksəldə bilər. Çox güman ki, söhbət, şirkətin yeni səhmləri deyil, öz əməkdaşlarının sahib olduqları səhmləri satışa çıxartmaq istəməsindən gedir. Səhmlərinin müəyyən hissəsinin Microsoft-a məxsus olduğu OpenAI şirkəti bu məlumatın ortaya çıxması fonunda hal hazırda diqqət mərkəzindədir. Qeyd etmək lazımdır ki, şirkətin hal hazırda bazar dəyəri 29 milyard dollar təşkil edir. Aprel ayında OpenAI bir sıra vençur şirkətindən ümumilikdə 300 milyon dollar investisiya əldə etmişdi.
LG şirkəti 6G şəbəkəsinin imkanlarını tədqiq etməyə davam edir. Şirkət bu mövzuda növbəti uğurlu testini elan edib. Belə ki, şirkət 6G çərçivəsində rekord məsafədə məlumat ötürə və qəbul edə bilib. Söhbət, 500 metr məsafədən gedir. Bu isə şəhər mühiti çərçivəsində açıq havada aparılmış oxşar testlər zamanı qeyd edilmiş məsafələr arasında ən böyüyüdür.
Microsoft şirkəti bir neçə gün bundan öncə Windows 11 üçün Windows 11 2023 Update yenilənməsini istifadəyə verdi. Sözügedən yenilənmə əməliyyat sistemi üçün bir sıra funksiyaları əlavə etməklə yanaşı Paint tətbiqinə maraqlı bir yeniliyi də gətirib. Söhbət, Cocreator adlı funksiyadan gedir. Bu, mətn formatında təsvirlər əsasında fotoların tərtib edilməsi üçün nəzərdə tutulmuş funksiyadır. Beləliklə bundan sonra istifadəçilər Paint-də süni zəka vasitəsilə fotolar tərtib edə biləcəklər. Cocreator funksiyasını işə salan xüsusi düymə Paint daxilində alətlər panelinə inteqrasiya edilib.