Naxçıvan Muxtar Respublikası
İnternet və Yeni Texnologiyaların Tədrisi Mərkəzinin
Ə S A S N A M Ə S İ
1. Ümumi müddəalar.
1.1. Naxçıvan Muxtar Respublikası İnternet və Yeni Texnologiyaların Tədrisi Mərkəzi (bundan sonra Mərkəz) Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 09 iyul 2014-cü il tarixli 218-04/S nömrəli Sərəncamına əsasən Naxçıvan Muxtar Respublikası İnternet Mərkəzinin və Naxçıvan Muxtar Respublikası Kompüter Təlim-Tədris və İnternet Mərkəzinin bazasında yaradılmışdır.
Mərkəzin fəaliyyətinin əsas məqsədi Naxçıvan Muxtar Respublikası ərazisində inzibati və təsərrüfat obyektlərini, hüquqi və fiziki şəxsləri, muxtar respublika əhalisini internetlə təmin etmək, internetlə əlaqədar müxtəlif xidmətlər təqdim etmək, kompüter proqramlarının tədrisi, kadr hazırlığı və yeni texnologiyaların tətbiqi metodlarının öyrədilməsi istiqamətində xidmətlər göstərməkdir.
1.2. Mərkəz öz fəaliyyətində Azərbaycan Respublikasının və Naxçıvan Muxtar Respublikasının konstitusiyalarını, Azərbaycan Respublikası və Naxçıvan Muxtar Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezidentinin və Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin fərman və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin və Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarının, Naxçıvan Muxtar Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin (bundan sonra Nazirlik) normativ aktlarını, habelə bu Əsasnaməni rəhbər tutur.
1.3. Mərkəz öz fəaliyyətini yerinə yetirərkən və hüquqlarını həyata keçirərkən Nazirliyin aparatı və tabeliyində olan qurumlar, icra hakimiyyəti və yerli özünüidarəetmə orqanları, muxtar respublikada qeydiyyatdan keçən qeyri-hökumət təşkilatları ilə qarşılıqlı əlaqədə fəaliyyət göstərir.
1.4. Mərkəz müstəqil balansa, qanunvericiliyə uyğun sərəncamında olan dövlət əmlakına, bank hesablarına, üzərində dövlət gerbinin təsviri və öz adı əks olunmuş möhürə, müvafiq ştamp və blanklara malikdir.
1.5. Mərkəz təsərrüfat hesablıdır.
1.6. Mərkəz Naxçıvan şəhərində yerləşir və rayonlarda filialları vardır.
2. Mərkəzin fəaliyyət istiqamətləri.
2.1 Mərkəzin fəaliyyət istiqamətləri aşağıdakılardır:
2.1.1. müvafiq sahədə dövlət siyasətinin formalaşmasında və həyata keçirilməsində iştirak edir;
2.1.2. müvafiq sahənin inkişafını təmin edir;
2.1.3. yüksək keyfiyyətli internet xidmətləri, web səhifələrin tərtibatı və hazırlanması, domen adların qeydiyyatı, elektron poçt və ünvanların ayrılması, server sahələrinin icarəyə verilməsi, şəbəkələrin layihələndirilməsi və qurulması, informasiya texnologiyaları sahəsində kadr hazırlığı işlərini həyata keçirir;
2.2. qanunvericilikdə müəyyən edilmiş digər istiqamətlərdə fəaliyyət göstərir.
2.3. informasiya təhlükəsizliyinin təmin edilməsi, qlobal kiberhücumların qarşısının alınması, elektron informasiya ehtiyatlarının mühafizəsi sahəsində siyasətin hazırlanmasında və həyata keçirilməsində iştirak edir;
2.4. “elektron hökumət’’in formalaşmasında və idarə edilməsində iştirak edir.
3. Mərkəzin əsas vəzifələri.
3.1. Mərkəz bu Əsasnamə ilə müəyyən olunmuş fəaliyyət istiqamətlərinə uyğun olaraq aşağıdakı vəzifələri yerinə yetirir:
3.1.2. muxtar respublika ərazisində inzibati və təsərrüfat subyektlərini, hüquqi və fiziki şəxsləri, əhalini keyfiyyətli internet xidmətləri ilə təmin etmək;
3.1.3. keyfiyyətli internet şəbəkələrinin inkişafı, təkmilləşdirilməsi, istismarı və avadanlığın iş rejimində saxlanılması işlərini təşkil etmək;
3.1.4. nazirlik tərəfindən təsdiq olunmuş plan və tapşırıqları yerinə yetirmək;
3.1.5. müasir internet şəbəkə sistemində xidmətlərin özəlləşdirilməsi prosesində iştirak etmək;
3.1.6. mərkəzin maliyyə-kredit, hüquqi, elmi-texniki və digər funksiyalarının həyata keçirilməsini təmin etmək;
3.1.7. informasiya kommunikasiya texnologiyaları sahəsində infrastrukturun yaradılmasında və inkişafında öz səlahiyyətləri daxilində iştirak etmək;
3.1.8. qabaqcıl beynəlxalq təcrübə nəzərə alınmaqla informasiya kommunikasiya texnologiyaları üzrə elmi-texniki nailiyyətlərin tətbiq edilməsini təmin etmək, bu məqsədlə müvafiq sərgi, seminar və konfranslar keçirmək;
3.1.9. mərkəzə ayrılan kreditlər, qrantlar və digər maliyyə vəsaitlərindən təyinatı üzrə səmərəli istifadə etmək;
3.1.10. kompüter tədris proqramlarının və vəsaitlərinin hazırlanmasında iştirak etmək;
3.2. iqtisadiyyatın müxtəlif sahələrində yeni informasiya texnologiyalarının tətbiqini həyata keçirmək;
3.3. əhalinin, dövlət hakimiyyəti və idarəetmə orqanlarının, ictimai birliklərin və digər hüquqi şəxslərin kompüter texnologiyasının tətbiqi ilə əlaqədar tələbatının kadr hazırlığı vasitəsi ilə ödənilməsini təmin etmək;
3.4. mülkiyyət - hüquqi formasından asılı olmayaraq hüquqi və fiziki şəxslərə fərdi kompüterlərin, proqram texniki vasitələrin, elektron texnikası məhsullarının və onların tərkib hissələrinin, digər elektron məmulatların satışı və təmirini təşkil etmək;
3.5. informatika təliminin texniki və proqram vasitələrinin işlənməsi, hazırlanması və tətbiqini həyata keçirmək;
3.6. öz strukturuna daxil olan tədris müəssisələrinin fəaliyyətinə rəhbərlik etmək;
3.7. telekommunikasiya infrastrukturunun inkişafı sahəsində müvafiq tədbirlər hazırlayıb həyata keçirmək;
3.8. elm və tədris müəssisələrinin, dövlət orqanlarının və müxtəlif təsərrüfat subyektlərinin kompüter şəbəkələrinə və proqram təminatlarına olan tələbatlarının ödənilməsində iştirak etmək;
3.9. qanunvericiliyə uyğun olaraq məxfilik rejiminin qorunmasını və təhlükəsizlik tədbirlərinin həyata keçirilməsini təmin etmək;
3.10. qanunvericilikdə nəzərdə tutulmuş digər vəzifələri həyata keçirmək;
3.11. informasiya təhlükəsizliyinin təmin edilməsi və məlumatların qorunması sahəsində aidiyyəti dövlət qurumları ilə birlikdə tədbirlər görmək;
3.12. muxtar respublikada ümumi kibertəhlükəsizlik vəziyyətini mütəmadi təhlil etmək, əhalini, özəl və digər qurumları elektron vasitələrdən istifadə zamanı mövcud və yarana biləcək elektron təhlükələr barədə məlumatlandırılmasında iştirak etmək, onlara texniki və metodik yardım göstərmək, muxtar respublikaya daxil olan ümumi internet trafıkində qlobal kiberhücumların qarşısını almaq məqsədi ilə internet operatorları və aidiyyəti dövlət orqanları ilə birlikdə qabaqlayıcı tədbirlər görmək;
3.13. elektron təhlükələrin aşkar olunması və qarşısının alınması məqsədi ilə aidiyyəti dövlət qurumları ilə birlikdə informasiya sistemlərinin və şəbəkələrinin təhlükəsizlik üzrə auditinin həyata keçirilməsində iştirak etmək;
3.14. internet resurslarının inkişaf etdirilməsi üzrə aidiyyəti qurumlarla birlikdə zəruri tədbirlər hazırlamaq və həyata keçirmək;
3.15. müvafiq sahədə yüksəkixtisaslı kadrlara olan tələbatı öyrənmək, kadr hazırlığını təmin etmək, mütəxəssislərin hazırlanması və əlavə təhsili üçün tədbirlər görmək.
4. Mərkəzin hüquqları.
4.1. Mərkəz öz vəzifələrini yerinə yetirmək üçün aşağıdakı hüquqlara malikdir:
4.1.2. müvafiq sahənin inkişafı ilə bağlı normativ aktların hazırlanmasında iştirak etmək;
4.1.3. müvafiq sahə üzrə dövlət və yerli özünüidarəetmə orqanlarına, fiziki və hüquqi şəxslərə zəruri məlumatlar (sənədlər) barədə sorğu vermək və onlardan belə məlumatları (sənədləri) almaq;
4.1.4. müvafiq sahə üzrə beynəlxalq təcrübəni öyrənmək, qabaqcıl təcrübənin tətbiq olunmasını təmin etmək;
4.1.5. fəaliyyət istiqamətlərinə uyğun rəy və təkliflər vermək, təhlil və ümumiləşdirmələr aparmaq, analitik materiallar hazırlamaq;
4.1.6. müvafiq sahədə mütəxəssislərin hazırlanması və ixtisaslarının artırılması üçün kurs və seminarlar təşkil etmək;
4.2. müstəqil ekspertləri və mütəxəssisləri qanunvericilikdə müəyyən edilmiş qaydada öz fəaliyyətinə cəlb etmək;
4.3. muxtar respublikanın digər müəssisələri ilə birlikdə tədris bölmələri təşkil etməklə yeni texnologiyalar üzrə təlim-tədris prosesini həyata keçirmək;
4.4. yeni texnologiyaların tətbiqi üzrə kadr hazırlığı məqsədilə sifarişlər əsasında Mərkəzin iqtisadi və sosial-inkişaf planlarını hazırlamaq;
4.5. mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq xarici iqtisadi fəaliyyəti həyata keçirmək;
4.6. müəyyən olunmuş qaydada öz fəaliyyətini həyata keçirmək və qarşısında duran vəzifələri həll etmək üçün muxtar respublikanın ərazisində yeni struktur bölmələri yaratmaq, habelə müxtəlif əmlaklar almaq, icarəyə götürmək;
4.7. dövlət və qeyri-dövlət sifarişlərinin müəyyən olunmuş həcmdə və müddətdə icrasını təmin etmək;
4.8. mövcud qanunvericiliyə uyğun mühasibat və statistik hesabatları aparmaq;
4.9. göstərilən xidmətdən əldə olunmuş gəlirləri əmək haqlarının, vergilərin və digər xərclərin ödənilməsinə sərf etmək;
4.10. mərkəzin əsas vəsaitlərinin yararlı halda saxlanması üçün zəruri təmir və bərpa işlərini həyata keçirmək;
4.11. əmək qanunvericiliyinə, əməyin mühafizəsi və texniki təhlükəsizlik qaydalarına riayət etmək;
4.12. fəaliyyət istiqamətlərinə uyğun olaraq qanunvericilikdə nəzərdə tutulmuş digər hüquqları həyata keçirmək.
5. Mərkəzin fəaliyyətinin təşkili.
5.1. Mərkəzin fəaliyyətinə Naxçıvan Muxtar Respublikası Ali Məclisi ilə razılaşdırılmaqla Nazirlik tərəfindən vəzifəyə təyin edilən və vəzifədən azad edilən Mərkəzin direktoru (bundan sonra Direktor) rəhbərlik edir.
5.2. Direktorun Nazirlik tərəfindən vəzifəyə təyin edilən və vəzifədən azad edilən müavini vardır.
5.3. Direktor Mərkəzə həvalə edilmiş vəzifələrin yerinə yetirilməsi və hüquqların həyata keçirilməsi üçün şəxsən məsuliyyət daşıyır.
5.4. Direktor:
5.4.1. Mərkəzin bütün fəaliyyətinə rəhbərlik edir və onun işlərini təşkil edir, mərkəzin fəaliyyətinin nəticələrinə görə dövlət və əmək kollektivi qarşısında məsuliyyət daşıyır;
5.4.2. baş mühəndis və baş mühasib barədə Nazirliyə təklif verir, Nazirliyin razılığı ilə filial rəhbərlərini vəzifəyə təyin edir və vəzifədən azad edir, mərkəzin digər işçilərini qanunvericiliyə uyğun olaraq vəzifəyə təyin edir və vəzifədən azad edir, onların barəsində qanunvericilikdə müəyyən olunmuş qaydada həvəsləndirmə və intizam tənbehi tədbirləri görür;
5.4.3. bütün dövlət və yerli idarəetmə orqanları, ictimai təşkilatlar, digər müəssisələrlə həmçinin xarici ölkələrin müvafiq qurumları ilə münasibətlərdə Mərkəzi təmsil edir;
5.4.4. Mərkəzin fəaliyyətinə aid danışıqlar aparır, müvafiq razılaşmaları, müqavilələri, sazişləri imzalayır;
5.4.5. Mərkəzin fəaliyyəti ilə əlaqədar onun səlahiyyətlərinə aid edilmiş kadr, maliyyə və başqa məsələləri həll edir, Mərkəzin ştat cədvəlini təsdiq edir;
5.4.6. Mərkəzin Əsasnaməsinə əlavə və dəyişikliklər haqqında təkliflər verir;
5.4.7. Mərkəzin əmlakı, vəsaitləri barədə sərəncamlar verir, banklarda hesablaşma və digər hesablar açır;
5.4.8. Direktor olmadıqda Mərkəzin işinə müavin rəhbərlik edir.
6. Mərkəzin maliyyə hesabatlığı, əmlakının yaranması və mənfəətinin bölüşdürülməsi.
6.1. Mərkəzin hər maliyyə ili 01 yanvar tarixdən 31 dekabr tarixinədək olan dövrü əhatə edir.
6.2. Mərkəz onun fəaliyyətini və maliyyə vəziyyətini əks etdirən mühasibat uçotunu aparır və hesabatlar hazırlayır.
6.3. Mərkəzin icmal maliyyə hesabatı, ayrıca olaraq Mərkəzin və konsolidasiya əsasında onun bölmələrinin fəaliyyətini və maliyyə vəziyyətini əks etdirir.
6.4. Mərkəzin əmlakı dövlət mülkiyyətidir.
6.5. Mərkəzin əmlakı, qanunvericiliyə uyğun olaraq onun əsas fondlarından və dövriyyə vəsaitlərindən, o cümlədən dəyəri Mərkəzin müstəqil balansında əks olunan digər dəyərlərdən ibarətdir.
6.6. Mərkəzin əmlakının yaranması mənbələri aşağıdakılardır:
6.6.1. təsərrüfat fəaliyyətinin təmin edilməsi məqsədilə istifadəsinə verilmiş dövlət əmlakı;
6.6.2. sərbəst təsərrüfat fəaliyyətindən əldə olunan gəlirlər;
6.6.3. bank kreditləri və digər kreditlər; .
6.6.4. qanunvericilikdə qadağan olunmayan digər mənbələr hesabına əldə edilmiş vəsaitlər.
6.7. Mərkəzin xalis mənfəəti vergilər və digər məcburi ödənişlər ödənildikdən sonra yaranır, qanunvericiliklə, bu Əsasnamə ilə müəyyən edilən məqsədlərə yönəldilə bilər.
6.8. Mərkəz öz bölmələri arasında maliyyə vəsaitləri hərəkətinin axınını material qiymətlilərin yerləşdirilməsini istehsalat zəruriyyətindən irəli gələrək müstəqil təyin edir.
6.9. Nazirliyin əmr və göstərişlərini nəzərə almaqla kreditorlarla hesablaşmalar aparıldıqdan sonra qalan sərbəst mənfəətindən istifadə etmək, Mərkəzin tam səlahiyyətlərinə aiddir.
7. Mərkəzin ləğvi və yenidən təşkili.
7.1 Mərkəz qanunvericilikdə nəzərdə tutlmuş qaydada ləğv və ya yenidən təşkil edilə (birləşdirilə, bölünə, ayrıla, çevrilə) bilər.
7.2. Mərkəz hüquqi şəxslərin dövlət reyestrindən çıxarıldığı andan ləğv edilmiş və ya yenidən təşkil edilmiş sayılır.
7.3. Ləğv edilmiş Mərkəzin əmlakının və maliyyə vəsaitlərinin bölüşdürülməsi qanunvericiliklə müəyyən edilmiş qaydada həll edilir.
8. Digər müddəalar.
8.1. Bu Əsasnamənin tələblərinə riayət edilməsi Mərkəzin bütün orqanları və vəzifəli şəxsləri üçün məcburidir.
8.2. Mərkəzin fəaliyyəti ilə əlaqədar olan, lakin bu Əsasnamə ilə tənzimlənməyən məsələlər qanunvericiliklə, eləcə də Nazirliyin əmr və göstərişləri ilə tənzimlənir.
8.3. Əsasnamədə hər bir sonrakı dəyişiklik hüquqi şəxslərin dövlət reyestrində qeydə alınmaq üçün təqdim edilməlidir və belə dəyişiklik yalnız hüquqi şəxslərin dövlət reyestrində qeydə alındığı andan hüquqi qüvvəyə minir.
8.4. Mərkəzin Əsasnaməsində edilən və hüquqi şəxslərin dövlət reyestrində qeydə alınmış dəyişikliklər 3 (üç) iş günü müddətində Mərkəzi Bankın Naxçıvan Muxtar Respublikası İdarəsinə təqdim edilir.
8.5. Gələcəkdə bu Əsasnamənin hər hansı müddəası qanunvericiliklə ziddiyyət təşkil edərsə, qanunvericiliyin müddəası tətbiq edilir.