Ağlınızdakı fikirləri yazıya çevirən BrainGPT hazırlanır!
Texnologiya inanılmaz sürətlə davam edir. İllər əvvəl fantastik filmlərdə gördüyümüz texnologiyalar artıq reallaşır. Belə ki, Sidney Texnologiya Universitetinin tədqiqatçıları tərəfindən ağlınızdakı fikirləri yazıya çevirən BrainGPT adlı sistem hazırlanır. Qeyd edək ki, GrapheneX-UTS insan mərkəzli süni intellekt mərkəzi sistemin hazırlanması üzərində fokuslanıb.
Bu sistem bir çox araşdırmada tez-tez istifadə edidiyini gördüyümüz standart EEG və ya Elektroensefaloqramma üzərində qurulan infrastrukturda
insanların düşüncələri əsnasında meydana gələn beyin siqnalları müəyyən edir. O cümlədən müəyyən edilən beyin siqnalları xüsusi süni intellekt əsaslı alqoritm yardımı ilə yazıya çevrilir. Hazırda sınaqdan keçirilən bu sistem düşündüklərinizi yazıya çevirməkdə yüksək dərəcədə uğur əldə etsə də, bəzən problemlər yaşaya bilir. Tədqiqata rəhbərlik edən alim Lin inkişaf etdirdikləri sistem barəsində bildirir ki, “Bu tədqiqat EEG dalğalarını birbaşa başa düşülən dilə çevirmək üçün qabaqcıl bir səydir və bu sahədə əhəmiyyətli bir irəliləyişi təmsil edir”.
Onun sözlərinə görə sistem üzərində araşdırmalar hələ davam edəcək. Belə ki, sistem hələlik tam dəqiqliklə çalışmır. Maraqlısı budur ki, sistem heç bir cərrahi əməliyyat tələb etmədiyi üçün asanlıqla insanlar üzərində sınaqdan keçirilə bilər. Məhz bu cəhətdən sistem çox perspektivli hesab olunur və gələcəkdə kommersiya məhsuluna çevrilmə ehtimalı çox yüksəkdir. Tədqiqatçılar BrainGPT sistemi sayəsində gələcək illərdə düşündüklərimizi yazıya çevirən məhsulların təqdim olacağına inanır.