Chrome istifadəçinin əhəmiyyət vermədiyi veb-saytlardan olan bildirişləri bloklayacaq
Google şirkətinin tərtibatçıları Android və kompüterlər üçün nəzərdə tutulan öz brend brauzeri Chrome-a yeni funksiya əlavə ediblər. Söhbət, istifadəçinin uzun müddət əhəmiyyət vermədiyi veb-saytlardan gələn bildirişlərin avtomatik olaraq söndürülməsindən gedir. Bundan əvvəl Google-un brauzer təhlükəsizliyi yoxlama funksiyası kamera və cihazın yer məlumatlarına giriş icazəsi istənildikdə oxşar tədbirlər görməyi öyrənmişdi. Yeni funksiya Android sistemində artıq mövcud olan və Chrome istifadəçilərinə yalnız bir toxunuşla veb-saytlardan gələn bildirişləri bloklamağa imkan verən alət əsasında qurulub.
Bu funksiya cihazda quraşdırılmış veb-tətbiqlərdən gələn bildirişləri bloklamır. Avtomatik rejimdə bildirişlərin göndərilməsi yalnız istifadəçinin nadir hallarda qarşılıqlı əlaqədə olduğu saytlardan məhdudlaşdırılır.Google-un məlumatına görə, hazırda veb-saytlardan göndərilən bütün bildirişlərin 1%-dən də azı istifadəçilərin hər hansı bir qarşılıqlı reaksiyasına səbəb olur. Bu səbəbdən tərtibatçılar veb-saytlarla işləyərkən görünən pop-up pəncərələrin sayını azaltmaq qərarına gəliblər. “Biz artıq bu funksiyanı sınaqdan keçirmişik. Test nəticələrimiz göstərir ki, bildirişlərin çoxluğu əhəmiyyətli dərəcədə azalıb, lakin ümumi klik sayı demək olar ki, dəyişməyib. Təcrübələrimiz həmçinin göstərdi ki, daha az bildiriş göndərən saytlar daha çox klik qeydə alıblar” - deyə Google-un məlumatında bildirilir. Chrome istifadəçiləri veb-saytlardan gələn bildirişlərin bloklanması funksiyasını tamamilə söndürə və ya elə quraşdıra bilərlər ki, bildirişlər yalnız müəyyən resurslardan gəlsin. Bu funksiyanın Chrome-un sabit versiyalarında nə vaxt istifadəyə veriləcəyi isə hələ məlum deyil.