NVIDIA GeForce RTX 5070 SUPER videokartı üzərində çalışır
İnsayderlərin vermiş olduqları məlumata əsasən NVIDIA şirkəti GeForce RTX 50 videokart seriyasının yeni modeli üzərində çalışır. Söhbət, GeForce RTX 5070 SUPER-dən gedir. İnsayderlər bildiriblər ki, NVIDIA-nın hazırladığı bu yeni videokart GDDR7 standartlı 18 GB-lıq VRAM-ı əldə edəcək. Bununla yanaşı videokart özündə 6400 ədəd CUDA nüvəsini birləşdirəcək. Müqayisə üçün qeyd etmək lazımdır ki, adi RTX 5070 modeli özündə 6144 ədəd CUDA nüvəsini birləşdirir. Məlumatda qeyd edilib ki, videokartda məlumatların ötürülməsi sürəti saniyədə 672 GB təşkil edəcək.
Gözləntilərə əsasən videokartın enerji sərfiyyatı 275 vatt olacaq. Bu isə adi RTX 5070 modelinin enerji sərfiyyatı göstəricisindən 25 vatt çoxdur. RTX 50 seriyasının digər modelləri kimi RTX 5070 SUPER də Blackwell arxitekturası əsasında hazırlanır. Hazırlanan bu yeni videokartın təqribi olaraq 600$-a satılacağı güman edilir.